Cavad Xanın Gəncədə niyə abidəsi yoxdur?

10 ay əvvəl     Ölkə 0
Cavad Xanın Gəncədə niyə abidəsi yoxdur?

Cavad Xanın nəticəsi ölkə ictimaiyyətinə səslənib

Prezident sərəncam verib, amma Cavad Xanın abidəsi hələ də yoxdur!

Azərbaycan torpağı çoxsaylı görkəmli insanlar yetirib. Gəncənin sonuncu hakimi Cavad Xan onlardan biridir. İki əsr bundan əvvəl o, çar ordusunun qoşunları ilə döyüşdə öz xalqının azadlığı uğrunda həlak olub. Hətta Sovet dövründə də, qadağalara baxmayaraq Azərbaycanlılar bu qəhrəmanın xatirəsini yad edirdilər, Azərbaycan müstəqiliiyi elan olunduqdan sonra isə Xanın şəhid olduğu tarix açıq şəkildə qeyd olunmağa başladı.

Gəncəlilər Cavad Xanın nəşini Şah Abbas Məscidinin ərazisində torpağa tapşırdılar, sonra isə Heydər Əliyev Fondunun dəstəyi ilə əfsanəvi Xanın şərəfinə məqbərə inşa edildi. Hər il onun həlak olduğu tarixdə buraya yüzlərlə insan toplaşaraq Cavad Xanın qəhrəmanlığına ehtiramlarını ifadə edirlər.

Lakin gəncəlilər hələ də öz qəhrəman həmyerlilərinə abidə ucalda bilmirlər. GancaPost portalı xəbər verir ki, bu günlərdə Cavad Xan Mədəniyyət-Tarix Fondunun nümayəndələri haqqın.az saytına bildirmişlər ki, hələ 2012-ci ildə Azərbaycanın və bir neçə xarici ölkənin ictimai xadimləri ölkə Prezidentinə müraciət edərək Cavad Xanın vətəni Gəncədə onun heykəlinin qoyulmasını xahiş etmişdilər. Müraciətə dövlət başçısı tərəfindən baxılmış və sənəd Mədəniyyət və Turizm Nazirliyinə göndərilərək müsabiqənin keçirilməsi tövsiyyə edilmişdi. Müsabiqə baş tutdu və burada Emin Quliyev, Cavid Əliyev, Faiq Yüzbaşov və İsgəndər Ələsgərovdan ibarət heykəltəraş və memarlar qrupu qalib gəldi. Bundan dərhal sonra Prezident Administrasiyası qalib gəlmiş layihəni Gəncə şəhər İcra Hakimiyyətinə təhvil verdi və İcra Hakimiyyətinə ən qısa müddətdə abidənin ucaldılması ilə bağlı işlərə başlanılması tapşırıldı. Gəncə şəhər İcra Hakimiyyəti operativ surətdə: Gəncənin Şəmkir tərəfdən olan girişində, "Ramada" otelin yaxınlığında abidə üçün yer müəyyənləşdirdi və həmin ərazini abadlaşdırdı. Amma elə bununla da işlər dayandı və bu günə qədər də abidənin qoyulması prosesində azacıq tərpəniş belə hiss olunmur. Doğrusu, vəziyyət paradoksaldır: ölkə Prezidenti, Mədəniyyət və Turizm Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti ictimai xadimlərin təşəbbüsünü dəstəkləyir və müəyyən cəhdlər göstərirlər, amma kimsə yada nə isə bütün cəhdlərin qarşısını alır.

Əlbəttə ki, KİV və şəhər məmurları səbəb kimi maliyyə çətinliklərini göstərirlər. Ola bilsin ki, belədir, ancaq nəyə görə son illərdə şəhərdə bəstəkar Qara Qarayevə heykəl qoymağa pul tapılır, amma Cavad Xan üçün yox? Vaxtaşırı olaraq şəhərdə genişmiqyaslı və deməli, baha başa gələn beynəlxalq tədbirlər baş tutur. Bəs gəncəlilərin görkəmli həmyerlilərinin abidəsinin ucaldılması üçün də bir qədər pul ayırmaq olmazmı ki, gənc nəsil öz tarixini bilsin və xalqının qəhrəman övladlarını tanısın.

Cavad Xanın nəticəsi Valid Ziyadlı bütün ölkə ictimaiyyətinə səslənib onları elliklə ölkə Prezidentinə müraciət etməyə çağırmağa hazırlaşır. O tamamilə ədalətli olaraq belə hesab edir ki, indi, bütün millətimizin başlıca hədəfinin Qarabağın azad edilməsi olduğu bir zamanda öz vətəninin müstəqilliyi uğrunda mübarizə aparmış bir insanın abidəsinin ucaldılması xüsusilə mühümdür.

Lakin belə görünür ki, Gəncə məmurları belə düşünmür, bunu zəruri hesab etmirlər. Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva bizi inandırmağa çalışırdı ki, hər şeyin öz vaxtı var: "Məgər siz görmürsünüz ki, Gəncə necə sürətlə inkişaf edir və tezliklə Avropanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Vaxtı gələndə biz Cavad Xana da heykəl qoyacağıq..." deyə o, haqqın.az-a bildirib.

Yəni ki, hələ Cavad Xanın zamanı yetişməyib...Məşhur Azərbaycanlının xələfi Valid Ziyadlı hətta ehtimal edir ki, bu, xaricdə olan kimlərinsə mənfi münasibətinin nəticəsidir. Və doğrudan da, ola bilər ki, öz millətinin azadlığı uğrunda mübarizə aparmış şəxsin heykəlinin qoyulması sələfləri həmin mübariz insanı qətlə yetirmiş kəslərə xoş gəlməsin. Amma dünyada bir vaxtlar müharibə etmiş xalqların əsrlərdən sonra həmin savaşların qəhrəmanlarını öydüklərini və bu zaman həmin ölkələrin xalqları ilə yaxşı münasibətlərdə qalmaları kimi nümunələr çoxdur. Örnək olaraq deyək ki, Rusiyada 1612-ci ildə Moskvanın polyak işğalçılarından azad edilməsi şərəfinə Xalqın vəhdət günü kimi qeyd edilir. Və müasir Polşada heç kim buna etirazını bildirmir. Hər bir Xalq öz bayramlarına və öz qəhrəmanlarına malik olmaqda sərbəstdir!

Oxunub : 779



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!