Gəncə Atabəylər hakimiyyəti illərində

1 həftə əvvəl     Tarix 0
Gəncə Atabəylər hakimiyyəti illərində

Gəncə şəhəri Azərbaycan Eldənizlər sülaləsinin hökmranlığı dövründə (1136-1225) sürətlə inkişaf edirdi. Mərkəzi dövlətin möhkəmləndirilməsi, feodal ara müharibələrinin xeyli səngiməsi, nisbi əmin-amanlığın hökm sürməsi ölkədə məhsuldar qüvvələrin inkişafına, şəhərlərin genişlənməsinə, sənətkarlıq və ticarətin artmasına, mədəniyyətin çiçəklənməsinə şərait yaratdı. XII əsrdə Gəncə Yaxın Şərqin ən möhtəşəm şəhərlərindən birinə çevrildi.

Belə bir əzəmət və şöhrətə malik olan, iqtisadi-ictimai, mədəni həyat səviyyəsinin yüksək inkişafına görə ərəb tarixçisi İbn Əl-Əsir (1160-1223) tərəfindən “Arranın anası”, İran tarixçi-alimi Rəşidəddin (1247-1318) tərəfindən “Arranın ən böyük şəhəri” hesab edilən Gəncə şəhəri XII əsrin I yarısında, daha doğrusu 1139-cu il sentyabrın 30-da dəhşətli zəlzələyə məruz qaldı. İbn Əl-Əsir yazırdı ki, “Hicri 534 (1139)-cü ildə Gəncədə, Azərbaycan və Arranın başqa vilayətlərində zəlzələ baş verdi. Lakin ən güclü zəlzələ Gəncədə baş verdi. Orada çoxlu evlər dağıldı, saysız-hesabsız adamlar tələf oldu. Deyirlər ki, ölənlərin sayı 230 min nəfər idi”.

Gəncəli Kirakos (1200-1272) yazırdı: “dəhşətli zəlzələ baş verdi, Gəncə şəhəri dağıldı, onun tikililəri əhalinin üstünə töküldü, zəlzələdən həmçinin Kəpəz dağı uçdu və dağın arasındakı dərəni bağladı, nəticədə Göygöl əmələ gəldi”. Onun verdiyi məlumata görə, zəlzələdən sonra gürcü çarı I Demetri (1125-1156) şəhərə hücum etdi və şəhər darvazasını hərbi qənimət kimi öz ölkəsinə apardı. Bu, Şəddadi hökmdarı I Şavurun (1049-1067) hakimiyyəti dövründə 1063-cü ildə usta İbrahimin hazırladığı darvaza idi. Onun bir tayı XVIII əsrdə Helati monastrının örtüyü təmir olunarkən istifadə edilib, ikinci tayı isə həmin monastırda saxlanılır.

Zəlzələ baş verən dövrdə Arranın hakimi Atabəy Qarasonqur idi. Onun iqamətgahı Gəncədə yerləşirdi. Zəlzələ baş verəndə Qarasonqur Arranda yox idi. Mənbə yazır ki, “Atabəy Qarasonqur Səlcuq şahının köməyinə getmək istəyirdi ki, Gəncədə güclü zəlzələ baş verdiyini eşidib öz paytaxtına-Gəncəyə qayıtdı”. Bu vaxt Gəncədə kiçik zəlzələlər davam edirdi. Qarasonqurun bütün ailəsi Gəncə zəlzələsi nəticəsində həlak olmuşdu. Qarasonqur şəhəri bərpa etdirərkən xəstələnərək hicri 535 (1140-1141)-ci ildə orada vəfat etmişdir. O, ölümündən qabaq Əmir Çavlı Ət-Toğrulu öz yerinə Azərbaycana və Arrana hakim təyin etmişdir. Sultan Çavlının Azərbaycan və Arranda canişinlik hüququ Səlcuq hökmdarı Sultan Məsud (1132-1156) tərəfindən təsdiq edildi. Gəncə yenə də Gürcü feodallarının basqınlarına məruz qaldı. 1161-ci ilin avqust ayında Gürcü qoşunları çar III Georginin (1156-1184) başçılığı ilə Azərbaycana hücum edib, ətraf yaşayış yerlərini qarət və talan etdikdən sonra Gəncə şəhərini işğal edib, əhalisinin xeyli hissəsini əsir alaraq, çoxlu qənimətlə geri qayıtmışdır. Buna cavab olaraq Atabəy Eldəgəz (1136-1174) 1163-cü ilin yanvarında 50 min nəfərlik qoşunla Gürcüstana hücum etdi. Qısa müqavimətdən sonra III Georgi ağır məğlubiyyətə uğradı.

1166-cı ildə Gürcü feodallarının qoşunları Azərbaycana soxularaq Gəncəyə qədər gəlib çatmış, orada qətllər və talanlar törətmişdilər.

1194-cü ilin iyunun 1-də qurucu David Soslanın qoşunu və onun qoşununun tərkibində olan Atabəy Əbubəkirin (1191-1210) qardaşı Əmiran Ömər dəstəsi ilə Gəncəyə yaxınlaşdılar. Gəncə əhalisi var qüvvələri ilə müqavimət göstərsədə, şəhəri təslim etməli oldular. Şəmkir və Beyləqan ətrafında məğlubiyyətə uğramış Əbubəkirin qoşunlarının bir hissəsi müqavimət göstərən Gəncəlilərin sırasında idi. Gürcülər yenidən 1213-1214-cü ildə çar IV Georgi Laşanın başçılığı ilə Gəncəni zəbt etdilər və səlnaməçinin verdiyi məlumata görə, əllərinə çoxlu miqdarda xəzinə keçirərək Tiflisə qayıtdılar.

Feodal müharibələrinin və təbii fəlakətin vurduğu ağır zərbə, ziyanlara baxmayaraq XII əsrin sonu - XIII əsrin əvvəllərində bərpa işlərindən sonra Gəncə Azərbaycanın iri şəhərlərindən birinə çevrildi. Şəhərdə əhalinin sayı artdı. Görünür elə, bu dövrdə də şəhərdə Gəncə çayın hasara alınması və ya yenidən möhkəmləndirilməsi ilə başa çatdı. Gəncə qalasında inzibati binaların, mədrəsə, karvansara, digər ictimai və mədəni əhəmiyyətli binalar mövcud idi. Binaların tikilməsində çaydaşı, bişmiş kərpic və kirəcdən istifadə olunurdu. Qazıntılar zamanı belə binaların özülləri, uçmuş hissələri, memarlıq bəzəkləri aşkara çıxarılmışdır. Aşkara çıxarılmış müxtəlif maddi-mədəniyyət qalıqları vaxtı ilə Gəncədə peşəkar bənnaların, dəmirçilərin, dülgərlərin, dulusçuların, toxucuların yüksək sənətini nümayiş etdirir.

İpəkçilik Gəncədə xüsusi ilə inkişaf etmişdir. Burada əla növ ipək istehsal olunurdu. Gəncə ustaları pambıq parça və zərif ipəkdən müxtəlif geyim paltarları hazırlayırdılar. Belə növ paltarlar “Əl-Gənci” adlanırdı. Gəncədə hazırlanmış yüksək keyfiyyətli paltarlar dövrün hökmdarları tərəfindən hədiyyə kimi verilirdi. Təsədüfi deyil ki, monqollar ilk dəfə 1221-ci ildə Gəncə şəhərinə hücum edərkən əhalinin sayca çox və şəhərin alınmaz olduğunu bilib, bac alaraq pul ilə yanaşı ipək paltar almaqla kifayətlənmişlər. Hələ XI əsrdə Nizam əl-Mülk (1019-1092) yazırdı ki, Gəncə ipəyindən tikilən paltar Səlcuq imperiyasında rütbədə olan hərbi işçilərə hədiyyə olaraq verilirdi. XIII əsrin müəllifi Zəkəriyyə Qəzvini (1203-1283) isə qeyd edirdi ki, “Gəncə ipəyi gözəlliyinə görə başqa ölkələrin ipəyindən üstün idi”. Bir gürcü mənbəsində çar David Soslanın (1187-1208) Gəncəyə gəldiyi vaxt darvazadan saraya qədər küçəyə ipək döşəndiyi qeyd edilmişdir.

Eldəgəzlərin hakimiyyəti dövründə Gəncədə yüksək keyfiyyətli saxsı qablar istehsal olunurdu. Onların içərisində qırmızı boya və möhürlə naxışlanmış küplər, küpə, bardaq, sərnic, çıraq və s. qablar geniş yayılmışdır. Orta əsr dulusçularının yüksək ustalıq və bacarığını nümayiş etdirən, saxsısı daş kimi möhkəm şar-konusvari qablar xüsusi yer tutur. Belə qablardan birinin üstündə basma üsulu ilə suvari və heyvan təsvirləri çəkilmiş, zəngin həndəsi naxışlar vurulmuş və Atabəy Cahan Pəhləvanla Qutluq İnancın adları yazılmışdır.

Gəncədə bişmiş kərpic istehsalı geniş vüsət almışdır, şəhərdə rəngbərəng kaşı istehsal olunurdu. Gəncə yaxınlığında gəc yataqlarının olması, tikintidə gəcdən istifadə üçün böyük imkanlar yaradırdı. Bu dövrdə Gəncədə, ümumiyyətlə bədii əşya sənətkarlığı çox böyük səviyyədə inkişaf etmişdir. Gəncə sənətkarları yerli xammaldan istifadə edirdilər. Gəncə yaxınlığında dəmir, mis, gümüş, zəy mədənlərinin olması burada metal emalı və metalişləmə sənatkarlığının inkişafında mühüm rol oynamışdır. Şəhər yerində külli miqdarda Eldəgəz sikkələrinin tapılması şəhərdə zərbxananın olmasını bir daha sübut edir.

Gəncə sənətkarları başqa Yaxın Şərq şəhərlərində olduğu kimi, “Əxi” adlanan təşkilatın ətrafında birləşmişdilər. Bu təşkilat XII-XIII əsrlərdə Gəncə şəhərinin həyatında mühüm rol oynamışdır. “Əxi” təşkilatı ilk növbədə sənətkarların hüquqlarını müdafiə edirdi. Təşkilatın rəhbərləri “Comərd” (farsca-cavan, mərd) adlanırdı. Gəncə ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış şirli qabların oturacağına vurulan möhürlər Gəncədə sənətkarlar təşkilatının mövcud olduğuna müəyyən dərəcədə dəlalət edir. Mütəxəssislər Gəncədəki “Comərdi-Qəssab” mavzoleyenin “Əxi” təşkilatının rəhbərlərindən biri ilə bağlı olduğunu göstərirlər. Onun cənazəsi həmin yerdə gizli şəkildə dəfn olunduğu üçün əsl adı məxfi saxlanılmış və buna görə dünyasını “Comərd” kimi dəyişmişdir. Bununla belə, Azərbaycanda bir çox baş daşlarında “Əxi” sözünə təsadüf edilir: Şeyx Əxi Əmir, Əxi Fərəc Zəncani, Əxi Xeyrəddin Təbrizi və s. “Əxi” ərəb sözü olub, türkcə “qardaş” deməkdir. Təsadüfi deyildir ki, əxilərin birliyi “qardaşlıq təşkilatı” adlanırdı.

XII-XIII əsrlərdə Gəncə şəhərində memarlıq sənəti də özünün yüksək inkişaf mərhələsini keçmişdir. Gəncədə XI-XIII əsrlərdə bürclər, məqbərələr, qala divarları, məscidlər, mədrəsələr, karvansaralar, bazar və s. inşa edilmişdir. Belə tikintilərin meydana gəlməsi Gəncədə mahir, təcrübəli memarların, bənnaların, daş yonanların, dəmirçilərin və s. fəaliyyət göstərdiyindən xəbər verir. Bu dövrdə Azərbaycanda yaşamış Arran memarlıq məktəbinin formalaşmasında Gəncə memarları aparıcı rol oynamışlar. Onlar memarlıqla “Gəncə hörgüsü” adlanan xüsusi hörgü üslubu işləyib hazırlamışdılar.

XI-XIII əsrlərdə Gəncə xarici ticarəti əsasən Tiflis yolu vasitəsi ilə aparırdı. Gəncə eyni zamanda Gürcüstan və Ermənistanı Xəzər dənizi limanları ilə birləşdirən yolun düyün nöqtəsi idi. Ərəb tarixçisi Yaqut Həməvinin (1179-1229) məlumatına görə, Gəncədən Gürcüstan, Ermənistan, İraq, Orta Asiya və başqa yerə ipək parça aparılırdı. Gəncə həm də Hindistan, Qərbi Avropa və Rusiya ilə ticarət əlaqələri saxlayırdı. Gəncədə əldə edilən Eldəgəzlərin zərb etdiyi sikkələr və habelə bir çox xarici ölkə pulları burada vaxtilə qızğın ticarətin aparılmasını sübut edir.

Bu dövrdə Gəncə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri idi. Gəncə dünya ədəbiyyatı xəzinəsinə Əbül-Üla Gəncəvi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Mütərrizi və başqaları kimi böyük şəxsiyyətlər bəxş etmişdir. Mədəniyyət baxımından inkişaf etmiş Gəncə şəhərində X əsr ərəb coğrafiyaşünası İbn Hövqəlin (?-977) sözləri ilə desək, ”Əcnəbiləri və alimləri sevirdilər. Gəncədən xeyli elm adamı çıxmışdır”. Hələ XI əsrdə Səlcuq Sultanı Məlikşahın (1072-1092) vəziri Nizam Əl-Mülk 1066-cı ildə Bağdad da təsis etdiyi “Nizamiyyə” adlı Akademiya tipli mədrəsədə təhsil almaq üçün Gəncədən xeyli cavan getmiş, mükəmməl təhsil və bilik aldıqdan sonra yenidən Gəncəyə qayıtmışdır.

XII-XIII əsrin əvvəllərində Gəncə şəhəri həmçinin elm və incəsənət mərkəzi olmuşdur. Azərbaycan Atabəyləri xüsusən Cahan Pəhləvan (1174-1186) və Qızıl Arslan (1186-1191) şairələrə, musiqişünaslara, memarlara, həkim və elm nümayəndələrinə hamilik edirdilər.

Lakin bir çox Azərbaycan şəhərləri kimi XII-XIII əsrin əvvəllərində Gəncənin sürətlə inkişaf etməsi çox çəkmir. Belə ki, XIII əsrin əvvəllərində (1206-ci ildə) Uzaq Şərqdə Çingiz xanın (1156-1227) başçılığı altında böyük Moğol dövləti yarandı və Monqolların geniş istilaları başlandı. 1221-ci ildə Azərbaycan torpaqlarına daxil olmuş Monqol qoşunları Beyləqanı ələ keçirib yandırdıqdan sonra Gəncə üzərinə yürüş etdilər. Lakin möhkəm qala divarları arasında müdafiə olunan gəncəlilər bac verməklə şəhərin darmadağın olmasının qarşısını ala bildilər. Gəncəlilər Monqol qoşunlarının sərkərdələri olan Cebe və Subutaya qiymətli mallar, o cümlədən ipək parça, paltarlar və xeyli pul verdilər.

Monqollar uzaqlaşdıqdan sonra 1223-cü ildə Şimaldan 50 minlik Qıpçaq ordusu Gəncəyə basqın etdi. Atabəy Özbəyin (1210-1225) Gəncədəki canişini Kuşxəra (Qaşqara) bacarıqlı rəhbərlik etməklə Qıpçaqların hücumunun qarşısını ala bildi. Gəncəni fəth edə bilməyən Qıpçaqlar belə bir şaiyə yaydılar ki, guya onlar gəncəlilərin köməyinə gəlmişdilər. Bu uydurmaya inanan Kuşxəra Atabəy Özbəyin razılığı ilə onlara Gəncə ətrafında məskən salmağa icazə verdi. Özbək eyni zamanda Qıpçaq rəhbərlərini yaxşı paltarlarla mükafatlandırdı və Gilgün dağı yaxınlığında yerləşmələri barədə əmr verdi. Bu vaxt gürcü feodallarının Gəncəyə hücum etmək təhlükəsi var idi. Kuşxəra Qıpçaqları şəhərə topladı, lakin onlar şəhərin bəzi yerlərində pozğunluq törətməyə başladılar. Bu hadisə isə şəhər əhalisinin narazılığına səbəb oldu. Əmr Kuşxəra onların çoxunu Gəncədən qovdu. Lakin vəziyyətdən istifadə edən gürcü feodalları 1225-ci ildə Gəncəyə hücum etdilər və şəhər yenidən qarət olundu. Elə həmin ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana qoşun yeritdi. Cəlaləddin Təbrizdə olan vaxt əmir Urxanın başçılığı ilə Gəncəyə böyük qoşun qüvvəsi göndərdi. Atabəy Özbək Gəncədən qaçaraq Əlincə qalasında gizləndi. 1225-ci ildə onun ölümü ilə Eldəgəzlər-Atabəylər dövləti öz mövcudluğunu tamamilə itirmiş oldu.

Yəhya Süleymanov

Oxunub : 37



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!