Gəncə haqqında dünya liderlərinin fikirləri

2 həftə əvvəl     Dünya 0
Gəncə haqqında dünya liderlərinin fikirləri

Aşağıda rəsmi səfərlərə gələnlərin, beynəlxalq konfrans, festival və açılış iştirakçılarının Gəncə ilə bağlı fikirlərini dərc edirik.

Doktor İsmail Serageldin – Misir Elmlər Akademiyasının prezidenti, İskəndəriyyə Milli Kitabxanasının direktoru, BMT Baş Katibinin Sivilizasiyalar Alyansı üzrə səfiri: – Mən dahi şairin məqbərəsində hazırlanmış heyrətamiz tədbir proqramından çox təsirlənmişəm və əminəm ki, bütün qonaqlar da bu tədbirin əhəmiyyəti və gözəlliyindən təsirlənib, heyrətləniblər. Mən gəncəlilərə və Gəncə şəhər İcra Hakimiyyətinə dərin təşəkkürümü bildirirəm ki, belə önəmli, belə möhtəşəm bir tədbir keçiribdir. Bunu da xüsusi olaraq qeyd edim ki, Nizami Gəncəvinin məqbərəsində gördüklərim, yubiley tədbirləri məni heyrətləndirdi, valeh etdi.

Doktor Vayra Vike-Freyberqa – Latviyanın 6-cı prezidenti: – Gəncəyə olan səfərimdən böyük məmnunluq duyuram və şəhərdə gedən sürətli inkişaf prosesləri məndə çox böyük təəssüratlar yaratdı. Onu da deyim ki, Avropada intibah dövrü başlamazdan bir neçə əsr əvvəl Nizami bu intibahın başlanğıcını qoymuşdur.

Syuzan Qrinfild – İngiltərə Kraliyyət Akademiyasının prezidenti: – İlk dəfə Gəncədə 2012-ci ilin oktyabr ayında olmuşam. Azərbaycana, Gəncəyə növbəti dəvəti məmnuniyyətlə qəbul etdim. Açığını deyim ki, Gəncəyə gələndə gözlərimə inanmadım. Şəhərdə çoxlu sayda yenidənqurma işləri aparılıb. Ötən səfərimdə icra başçısının şəhərlə tanışlıq zamanı bizə dediyi sözlərin hamısı həyata keçirilib. Mən burada Heydər Əliyevə əsl xalq məhəbbətinin şahidi oldum. Bu da təbiidir. Xalq öz xilaskarına elə bu cür hörmətlə yanaşmalıdır. Siz azərbaycanlıların qısa vaxt ərzində belə sürətlə inkişaf etməyiniz liderinizin hesabına mümkün olmuşdur. Görürəm ki, Heydər Əliyev bütün sahələrdə olduğu kimi qadın siyasətində də uğurlu addımlar atmışdır. Keçirdiyim görüşlərdə qadınlarınızın intellekti məni razı salır. Mən bundan sonra da Azərbaycana, Gəncəyə gəlmək üçün hər vaxt dəvətinizi gözləyirəm.

Andre Vilye – Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti: – Azərbaycan xalqı ilə ünsiyyətdə olmaq mənə çox xoşdur. Siz çox mehriban və istiqanlı xalqsınız. Diliniz isə çox musiqili, qulağa xoş gələn bir dildir. Yəqin ki, bu mənim Azərbaycana sonuncu səfərim olmayacaq.

Jan-Mari Bokel, Fransa Parlamentinin senatoru, Müluz Aqlomerasiyasının prezidenti, Avropa Şurasının və NATO-nun Parlament Assambleyasında Fransa nümayəndə heyətinin üzvü, keçmiş nazir – Bu səfər çərçivəsində çox yaxşı əlaqələrimiz, işgüzar görüşlərimiz oldu. Gəncə bütün gözəllikləri ilə yaddaşıma köçdü. Burada böyük inkişafın şahidi olduq. Bir neçə fabrikdə, o cümlədən toxuculuq və gön-dəri fabriklərini gəzdik, kənd təsərrüfatı məhsulları ilə tanış olduq. Düzünü deyim ki, bu qədərini gözləmirdim. Hər yerdə böyük tərəqqi və inkişaf var.

Mari-Lin Reno, Fransa parlamentinin deputatı, Fransa Parlementində Şərabçılıq üzrə İşçi Qrupunun üzvü, Fransa Milli Assambleyasında Azərbaycan-Fransa Parlamentlərarası Dostluq Qrupunun üzvü– Azərbaycana, Gəncəyə səfərimdən çox məmnunam. Bu şəhərdə olmağımı taleyin bir lütfü hesab edirəm. Burada hər şey gözəldir və böyük yüksəlişdən xəbər verir . Yeməkləriniz haqqında xüsusi danışmaq istərdim. Bizim üçün təşkil edilən ziyafət masasına elə ləzzətli yeməklər düzülmüşdü ki, heç bilmədik hansının dadına baxaq.

Evlin Başi, nümayəndə heyətinin üzvü – Ölkəniz, şəhəriniz haqqında çox böyük təəssüratlarım var. Burada biz bütün gözəlliklərin şahidi olduq və duyduq. Gəncənin iki böyük şairini tanıdım; Nizami Gəncəvi və Məhsəti Gəncəvi. İstərdim ki, daha çox azərbaycanlı şair tanıyım. Xan bağı öz yaşıllığı, bitkilərinin müxtəlifliyi ilə məndə xoş və qeyri-adi duyğular oyatdı. Burada daha bir azərbaycanlı xanım şairin – Nigar Rəfibəylinin heykəlini gördüm. Deməli sizin müasir ədəbiyyatınızda da məşhur qadın şairləriniz varmış. Xan bağının kənarında İkinci Dünya müharibəsinin qəhrəman döyüşçüsü İsrafil Məmmədovun qəbrini ziyarət edərkən bu xalqın cəsur, igid, cəngavər oğulları haqqında da məlumat əldə edə bildim. Düzünü deyim ki, məşhur «Cücələrim»in müəllifinin bu şəhərdən olmasını bilmirdim. Sağ olun ki, Qəmbər Hüseynli haqqında məni xeyli məlumatlandırdınız. Onu da öyrəndim ki, şəhərinizin yetirməsi Fikrət Əmirov da dünya şöhrətli bir bəstəkar olub. Ümumiyyətlə, mən belə görürəm ki, bu şəhər təkcə keçmişi ilə deyil, müasir dövrü ilə də fəxr edə bilər və etməlidir də. Gəncənin daha bir təqdirəlayiq xüsusiyyəti odur ki, burada quruculuq, tikinti işləri ilə yanaşı, yaşıllıq salınmasına da xüsusi önəm verilir. Artıq payızdır, lakin hələ də hər tərəf gül-çiçəyə, yaşıllığa bürünüb. Gəncə çinarları isə öz əzəməti, möhtəşəmliyi, payız fəslinə xas olan qızılı-sarı yarpaqları ilə məni heyran etdi. Mən dünyanın bir çox ölkələrində səyahətlərdə olmuşam. Hətta Mərakeşdə işləmişəm. Siz çox mədəni xalqsınız. Burada turizmin inkişafı üçün bütün lazımi şərtlər var. Mətbəxiniz çoxçeşidli, yeməkləriniz çox ləziz, meyvələriniz çox dadlıdır. Sadəcə bütün bunları dünyaya təqdim etmək, tanıtmaq lazımdır. Qadınlarınız fəal və işgüzardırlar. Azərbaycan qadını bütün sahələrdə çalışır və bu çox böyük mədəniyyət göstəricisidir.

Giuli Alasaniya – Qafqaz dostluq evinin sədri: – İlk dəfədir Gəncədəyəm. Şəhər çox xoşuma gəldi. Xoşuma gəldi ki, şəhərin hər yerində tikinti-abadlıq işləri gedir, mən əminəm ki, tez bir zamanda tamamilə yeni, çox gözəl və yaraşıqlı, hər birinizin fəxr edəcəyi bir şəhəriniz olacaq.

Azza Elkoli – İskəndəriyyə universitetinin professoru: – Bu mənim Gəncəyə ikinci səfərimdir və mən Gəncədən çox təsirləndim. Belə ki, getdikcə Gəncə daha çox gözəlləşir, burada hər şeyi sevdim, insanları çox mehribandır, qonaqpərvərdir.

Roza Otunbayeva – Qırğızıstanın sabiq prezidenti: – Mən xoşbəxtəm, qəlbimi böyük qürur hissi doldurur ki, Gəncədəyəm. Bura Nizaminin Vətənidir, bura Heydər Əliyevin Vətənidir. Məni çox sevindirdi ki, Nizaminin yurdu belə inkişaf edir, belə yüksək səviyyəli mədəniyyətiniz var. Belə xorunuz, belə səviyyəli kamera orkestriniz var. Şəhərdə filarmoniya fəaliyyət göstərir. Təəssüratlarım zəngindir. Belə yüksək əhval-ruhiyyəyə görə Sizə, dahi şairin həmyerlilərinə minnətdarlığımı bildirirəm.

Emel Kaya Gözlü – Şimali Kipr Akdeniz Universitetinin professoru: –Bakıdan öncə Gəncəni görmək mənim üçün böyük bir şans oldu. Çünki Bakı zəngin mədəni həyatı və modern binaları ilə Avropasayağı bir görkəmdədir. Ancaq Gəncə Azərbaycanın adət-ənənəsini, mədəniyyətini, tarixini, ruhunu mənə daha dərindən hiss etdirdi. Böyük türk şairi Nizaminin məmləkəti olan Gəncədə bizi yüksək səviyyədə qarşılamaq üçün səfərbər olan insanları unutmaq mümkün deyil. İcra Hakimiyyətindən universitetə, xalqa qədər hər kəs bu gözəl şəhərdə kiçik vətən Şimali Kipr Türk Cümhuriyyətindən gəlmiş bizlərə qucaq açdı.

Doktor Maykl Teylor – Amerika Birləşmiş Ştatlarının Milli Təbiət Tarixi Muzeyinin direktoru: – Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etdikdən, vaxtilə Gəncədə mövcud olan yeraltı fayton yolları və tarixi abidələrlə tanış olduqdan sonra ürəyimdə bu qədim şəhərin arxeoloji tapıntıları ilə bağlı araşdırmalar aparmaq arzusu yarandı. Gəncədə tədqiq olunası çoxlu sayda tarixi abidələr var və onun uzaq Qərbdə təbliğinə böyük ehtiyac duyulur.

Mixail Myasnikoviç – Belarusiya Respublikasının Baş naziri: – Azərbaycan ilə Belarus arasındakı uzaq məsafəni dövlətlərimizin başçıları dostluq münasibətləri ilə yaxınlaşdırmışlar. İmzalanan çox mühüm sənədlər Gəncə Avtomobil zavodunun belaruslu tərəfdarşları ilə əməkdaşlığının daha da genişləndirilməsinə şərait yaradacaqdır.

Silviya Mayer-Kaybiç – Avstriyanın Azərbaycandakı sabiq səfiri: – Gəncənin inkişafı haqqında çox eşitmişdim, indi onu öz gözlərimlə gördüm. Bu inkişaf Azərbaycan üçün çox əhəmiyyətlidir. Avstriyalı olsam da Gəncədə belə böyük filarmoniyanın tikilməsinə sevindim. Avstriyanın incəsənət ustaları burada həvəslə konsert verə bilərlər.

Aryen Uyterlinde – Niderland Krallığının Azərbaycandakı sabiq səfiri: – Bu, bir il əvvəlki Gəncə deyil. Ötən bir il müddətində müsbət mənada bu qədər dəyişikliyi, abadlığı seyr etmək olduqca maraqlı və heyrətamizdir.

Hulusi Kılıç – Türkiyənin Azərbaycandakı sabiq səfiri: – Azərbaycanda çalışdığım müddətdə dəfələrlə Gəncəyə səfər etmişəm. Hər səfərimdə şəhərin sosial-iqtisadi inkişafını görsəm də bu dəfəki təəssüratlarım daha zəngindir. Gəncə inanılmaz dərəcədə gözəlləşmişdir. Qardaş ölkənin nümayəndəsi olaraq bundan qürur duyuram və burada həyata keçirilən hər bir yeniliyə qəlbən sevinirəm.

Martin Tesarcik – Çexiya Respublikasının Olomouc vilayətinin idarə başçısı: – Yeni iqtisadi əlaqələrin qurulması, əməkdaşlıq məsələlərinin genişləndirilməsi məqsədilə Çexiya ilə Gəncənin iş adamlarının görüşünün səmərə verəcəyinə əminəm. Bu əminliyi məndə turizm, elm, təhsil, səhiyyə, nəqliyyat, tikinti və digər sahələr üzrə əməkdaşlıq üçün etdiyimiz işgüzar söhbətlər yaradır. Xüsusilə, Gəncədə çex pivəsinin istehsalı məqsədilə yeni müəssisənin tikintisi çox təqdirəlayiqdir.

Oxunub : 23



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!