Gəncə Tibb Kollecində təmir işləri yekunlaşıb

3 ay əvvəl     Ölkə 0
Gəncə Tibb Kollecində təmir işləri yekunlaşıb

Respublikamızın qərb bölgəsindəki səhiyyə ocaqları üçün orta ixtisaslı kadrlar hazırlayan yeganə təhsil müəssisəsi olan Gəncə Tibb Kollecində kompleks təmir-tikinti və yenidənqurma işləri başa çatıb.

GancaPost portalı xəbər verir ki, bu barədə Azərtac-a Gəncə Tibb Kollecinin direktoru, Əməkdar Həkim Mehman Rzayev məlumat verib.

Ölkəmizdə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin həm də bu sahədə çalışan ali və orta ixtisaslı kadrların peşəkarlıq səviyyəsindən xeyli asılı olduğunu deyən təhsil müəssisəsinin rəhbəri bildirib ki, Gəncə Tibb Kolleci tələbələrinin bilik və bacarıqlarının artırılması, burada təhsil alan gənclərin ixtisaslarına uyğun olaraq dövrün tələbləri səviyyəsində hazırlanması məqsədilə ötən ildən etibarən ümumilikdə 4 mərtəbədən - əsas və tədris korpusundan ibarət binalarda kompleks təmir-tikinti və yenidənqurma işlərinə başlanılıb. Görülmüş işlər nəticəsində təhsil müəssisəsinin həm infrastrukturu, həm də maddi-texniki bazası tamamilə yenilənib, səhiyyə sahəsində orta ixtisaslı kadrların hazırlanması üçün lazımi şərait yaradılıb.

Mehman Rzayev qeyd edib ki, Gəncə Tibb Kollecində kompleks təmir-tikinti və yenidənqurma işlərindən sonra təhsil müəssisəsində 39 dərs otağı, mikrobiologiya, mamalıq, pediatriya, terapiya, informatika və xarici dil kabinetləri, əczaçılıq, anatomiya və fiziologiya laboratoriyaları, kitabxana, beynəlxalq və yerli əhəmiyyətli elmi-mədəni tədbirlərin keçirilməsi üçün konfrans zalı mövcuddur. Dərs otaqları və kabinetlər müxtəlif fənlərin tədrisi üçün zəruri inventar və avadanlıqla, eləcə də smart lövhələr və əyani dərs vasitələri ilə təchiz edilib. Əsas korpusun birinci mərtəbəsində kollec tələbələrinin müasir biliklərə yiyələnməsi üçün kitabxana fəaliyyətə başlayıb. Yeni kitablar və dərs vəsaitləri ilə təmin olunmuş kitabxanada tələbələr həm də elektron kitabxana xidmətlərindən istifadə edə biləcəklər.

Tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə kollecin həyətində voleybol, basketbol və mini futbol oyunlarının keçirilməsi üçün idman meydançası quraşdırılıb.

Hazırda təhsil forması yalnız əyani olan kollecdə 650 tələbə müalicə işi, tibb bacısı, əczaçılıq və mamalıq ixtisasları üzrə təhsil alır. Kollecdə çalışan 84 həkim-müəllim isə tələbələrin zəruri ixtisas biliklərinə yiyələnməsi, eləcə də onların bilikli, bacarıqlı və peşəkar kadrlar kimi formalaşması üçün fəaliyyət göstərir.

Gəncə Tibb Kollecində aparılan kompleks təmir-tikinti və yenidənqurma işlərinin buradakı təlim-tədris prosesinin keyfiyyətinə də müsbət təsir göstərdiyini deyən Mehman Rzayev bildirib ki, bu il kollecə ayrılan 220 nəfərlik plan yeri 100 faiz dolub.

Qeyd edək ki, 1931-ci ildən bəri müxtəlif adlarla fəaliyyət göstərən Gəncə Tibb Kollecinin binasında ayrı-ayrı vaxtlarda cari təmir işləri aparılsa da, 81 il ərzində təhsil müəssisəsinin binasında ilk dəfə olaraq kompleks təmir-tikinti və yenidənqurma həyata keçirilib.

Oxunub : 122



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!