Gəncəbasarda Almanlar

3 ay əvvəl     Tarix 0
Gəncəbasarda Almanlar

1804-cü ildə Rus imperiyasının işğalından sonra Gəncə xanlığı ləğv edilərək bir dairə kimi imperiyanın tərkibinə ilhaq olundu. Rus işğalından sonra çar hökumətinin tələbiylə Gəncə dairəsinə müxtəlif millətlərin köçürülməsinə başlandı. XIX əsrin I yarısında Gəncə şəhəri və Gəncəbasar əhalisinin tərkibi müxtəlif idi. Burada yerli əhaliylə yanaşı buraya köçürülmüş ruslar, ermənilər, yəhudilər, ləzgilər və almanlar da vardı.

Gəncə mahalında Alman kolonistləri əsasən Gəncə çayının sağ sahili boyunca indiki Göygöl rayonuna kimi olan ərazidə və Şəmkir rayonunda yaşamışlar. 1818-ci ildə Şəmkirə köçürülən Vürtemberq almanlarına mahalın ən məhsuldar yeri hesab olunan torpaqlar verilmişdir ki, bu torpaqların da çoxu Şəmkir sultanlarının nəslindən olan Böyük ağa Şamxorskiyə mənsub idi. Şəmkirdə məskunlaşmış almanlar Gəncə şəhərinin 20 verstliyində, Şəmkir çayının sahilində Annenfeld koloniyasını salmışdılar. Həmin illərdə Gəncəyə köçürülmüş almanların digər bir qrupuna Gəncəbasarda ən məhsuldar yer sayılan, vaxtilə Cavad xana məxsus olmuş torpaqlar verilmişdi. Onlar Gəncənin 7 verst güneyində indiki Göygöl rayonunda koloniya salmışdılar və 1819-cu ildə koloniyanı böyük knyagina Helenanın şərəfinə Helenendorf adlandırmışlar. Gəncə almanları 1941-ci ilə kimi bu mahalda yaşamışlar. 1897-ci il məlumatına görə Gəncə vilayətində almanların sayı 4 min nəfərə çatırdı.

Almanlar əsasən üzümçülüklə məşğul olmuşlar. Gəncə üzümündən hazırlanan şərablar Almaniyaya və digər Avropa ölkələrinə satılırdı. Öz işlərinin ustası olan almanlar az müddət ərzində öz nüfuzlarını qazanaraq, böyük mənfəət qazanmışlar. Eyni zamanda almanlar özlərinə məxsus yüksək mədəniyyətlərinin Gəncəyə inteqrasiya olunmasında böyük xidmət göstərmişlər. Gəncədə texniki tərəqqinin yüksəldilməsində və əhalinin maddi mədəniyyətinin inkişafında xidmətləri əvəzolunmazdır. Elektrik dəyirmanlarının qurulması, şəhər teatrının və sinematoqrafiya binalarının inşası Gəncədə böyük bir mədəni inqilabın əsasını qoymuş və sənət adamlarının yetişməsində böyük rol oynamışdır.

Yaşadıqları dövr ərzində alman kolonistləri sənaye sahəsində də böyük işlər görmüşlər. Gəncəbasarın o vaxtki tarixini səhifələsək, Forrer, Hummel və Simens qardaşlarının Gəncənin iqtisadiyyatında qazandıqları nailiyyətləri görə bilərik.

1883-cü ildə Gəncədə Forrer qardaşları tərəfindən ikinci Buxar dəyirmanının əsası qoyuldu. 1902-ci ildə isə Forrerlərin dəyirmanında İsveç maşınları yerləşdirildi. Bu dəyirmanda üç növdə istehsal olunmuş un nəinki şəhərin özündə, eyni zamanda başqa şəhərlərdə də satılırdı.

1905-ci ildə Forrer qardaşları tərəfindən yeni bir sənaye müəssisəsinin, Rektifikasiya spirti istehsal edən zavodlardan birinin əsası qoyuldu. Helenendorf alman koloniyasında fəaliyyətə başlayan “Forrer və oğlanları” şirkətinin Gəncənin də iqtisadi həyatında böyük rol oynamışdı. 1913-cü ildə qardaşlar şirkətin əsasında “Forrer qardaşları” ticarət evini yaratdılar. Qardaşların təkcə Gəncə şəhərində rektifikasiya spirti zavodunun 10-a yaxın anbar və zirzəmisi, eləcədə Gəncə Dəmiryol stansiyasında Forrerlərin 6 şöbədən ibarət şərab satışı zirzəmisi var idi. O dövrdə Gəncədə Zərrabi məhəlləsində XIX əsrin ortaları üçün yeganə teatr binası olan “Forrer” şəhər teatrı da fəaliyyət göstərirdi. Həmin teatr hazırda C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur.

Gəncədə burjuaziya formalaşdıqca böyük nüfuz qazanmış Forrer qardaşları və Hummel qardaşları yeyinti məhsulları istehsalının müxtəlif sahələrini öz əllərinə almışdılar. XIX əsrin əvvəllərində Gəncə qəzasına köçmüş alman kolonistlərindən olan Hummel qardaşları 1900-cü ildə Helenendorfda “Hummel qardaşları” ticarət evində fəaliyyət göstərirmişlər. Onların Gəncəbasarda və Rusiyanın bir sıra şəhərlərində şərab-konyak istehsalı ilə məşğul olan müəssisələri və istehsal sahələri vardır. Lakin sonradan “Hummel qardaşları” ticarət evinə məxsus sənaye müəssisələri və torpaq mülkləri 1916-cı ildə yaradılmış “Zaqafqaziya şərabçılığı” səhmdar cəmiyyətinə satılmışdır. Forrer və Hummel qardaşları ilə yanaşı Gəncə dairəsinin sənaye tarixində Simens qardaşlarının da böyük izləri vardır. XIX əsrin 50-ci illərində Simens qardaşları öz şirkətlərini yaratdılar. Simens qardaşları şirkətinin əsas sənaye müəssisələri Gədəbəy rayonunda idi. Gədəbəydə kəşf edilmiş mis filizi əsasında yaradılan Gədəbəy Mis Əritmə Zavodu sonralar Simens qardaşlarının əlinə keçmişdir. 1883-cü ildə isə Qalakənd Mis Əritmə Zavodu yaradılmışdır. Gədəbəy-Qalakənd zavodlarında istehsal olunan mis məhsulları və qızıl-gümüş Rusiya bazarlarına çıxarılırdı.

1902-1920-ci illərdə alman mexanikləri olan Zinger qardaşlarının firmasının istehsal etdiyi, o zamanın texnoloji uğurlarından olan tikiş maşınlarının Gəncədə də satış dükanı olmuşdur. Həmin dükanın yerləşdiyi binanın fasadında Zinger tikiş maşınının forması belə həkk edilmişdir. Bina sanki tikiş maşınının görkəmini xatırladır. Qeyd etmək istərdim ki, bu bina hazırda Gəncə şəhərində Cavad xan küçəsində bir iaşə obyekti kimi fəaliyyət göstərir və tarixi əsər kimi dövlət tərəfindən qorunur.

1914-cü ildə I Dünya Müharibəsi başlayanda çar Rusiyasının tələbiylə alman kolonistləri Gəncədən köçürüldü. Köçürülmə zamanı almanlar hakimiyyət tərəfindən haqsızlıqla üzləşdi. Hər alman dəbdəbəli evini 40 qızıla və adi evini 20 qızıla dəyişərək, heç nə aparmamaq şərtiylə köçməli idi. Bu haqsız qərarı yerli əhali yaxşı qarşılamır və həmin xeyir duasız evləri almaqdan imtina edirdilər. Lakin şəhərin erməni əhalisi bundan sui istifadə edərək, həmin evlərə yiyələnirlər. Təəssüflər olsun ki, ermənilər XX əsrin 90-cı illərinədək həmin evlərdə yaşamışlar.

Alman kolonistlərinin vaxtilə yaşadığı Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında inşa etdirdiyi yaşayış evləri və dini abidələri bu günümüzədək qorunub saxlanılır. Gəncədə Gəncə çayının sağ sahilində yerləşən, qotik memarlıq üslubunda tikilmiş, vaxtilə dini mərkəzləri olmuş kilsə binası, hazırda “Kukla teatrı” kimi fəaliyyət göstərir. Göygöl rayonunda almanların dini mərkəzləri olmuş, hazırda Tarix Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən Müqəddəs Helena kilsəsi Göygölün tarixi rəmzinə çevrilmişdir. Şəmkir rayonunda 1900-cü ildə tikilən alman kilsəsidə bu günümüzədək öz əzəmətini saxlayır. Sonda onu qeyd etmək istərdim ki, vaxtilə Gəncədə və Gəncə bölgəsində məskunlaşmış alman kolonistləri öz tarixi izlərini, mədəniyyətlərini və hazırda mahalın tarixi incilərinə çevrilmiş, avropa üslubunda inşa edilmiş əzəmətli binalarını miras qoyub getmişlər. Biz Gəncəbasarlılar isə öz mərdliyimizə sadiq qalaraq, almanların bizə miras qoyub getdiyi mədəniyyəti və mədəni abidələri yadigar olaraq qoruyub saxlamalıyıq.

Günel Məmmədova

Oxunub : 192



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!