Gəncədə AXCP-nin sədr müavininin şikayəti üzrə məhkəməsi başlayıb

10 ay əvvəl     Ölkə 0
Gəncədə AXCP-nin sədr müavininin şikayəti üzrə məhkəməsi başlayıb

Fevralın 28-də Gəncə Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan sədr müavini Gözəl Bayramlının apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

GancaPost saytı xəbər verir ki, ilkin baxış iclasında Gözəl Bayramlının vəkili Elçin Sadıqov bir sıra vəsatətlər verib. G.Bayramlının ev dustaqlığına buraxılması, hal şahidi qismində tanınan şəxslərin apellyasiya məhkəməsində də dindirilməsi haqda vəsatətlər qaldırıb. Lakin məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası martın 12-i saat 11-ə təyin edilib.
Xatırladaq ki, DSX-nin yaydığı məlumatda bildirilirdi ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində DGK-nin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Gözəl Bayramovanın əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.

Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

G. Bayramlı Qazax rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya şikayətində onun barəsində bəraət hökmün çıxarılması da istənilib.

Gözəl Bayramlı ittihamları qəbul etmir.

Oxunub : 318


    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!