Gəncədə Muğam Festivalı keçiriləcək

4 ay əvvəl     Mədəniyyət 0
Gəncədə Muğam Festivalı keçiriləcək

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən martın 7-dən 14-dək 'Muğam aləmi' V Beynəlxalq Muğam Festivalı keçiriləcək.
GancaPost xəbər verir ki, festivalın bədii rəhbəri xalq artisti Firəngiz Əlizadədir.

Bəstəkarlar İttifaqından bildirilib ki, festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq, beynəlxalq elmi simpozium və muğam müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub.

Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş və digər ölkələrdən musiqiçi və münsiflər heyəti dəvət olunub.

Festivalın açılış mərasimi martın 7-də Heydər Əliyev Sarayında reallaşacaq.

Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da nəzərdə tutulub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayevin “Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyası, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və Məcnun” marionet tamaşası festival günlərində qonaqlar üçün təqdim olunacaq.

Gəncə şəhərində martın 8-13-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin iştirakı ilə silsilə konsertlər keçiriləcək.

Festivalın təntənəli bağlanış mərasimi isə martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Gecədə Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və muğam müsabiqəsi qalibləri çıxış edəcəklər.

Oxunub : 139



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!