Gəncəli nazir müavini işdən çıxarıldı

1 il əvvəl     Ölkə 0
Gəncəli nazir müavini işdən çıxarıldı

Vergilər nazirinin müavini Namiq Əliyevin bir müddət öncə istefa ərizəsi yazdığı barədə demək olar ki, ölkənin bütün saytlarında məlumat verildi.

Son məlumatlara görə, Namiq Əliyevin işdən çıxarıldığı artıq rəsmiləşib. Hətta bu gündən onun adı və şəkli Vergilər Nazirliyinin rəsmi internet səhifəsindəki “Rəhbərlik” bölümündən – nazir müavinlərinin siyahısından çıxarılıb.

Bununla da Namiq Əliyevin vəzifəsindən kənarlaşdırıldığı təsdiqlənib. Vergilər Nazirliyinin rəsmi saytında qeyd olunan məlumata görə, hazırda yeni vergilər naziri Mikayıl Cabbarovun 3 müavini var: 1-ci müavin Sahir Məmmədxanov, müavinlər Sahib Ələkbərov və İlkin Vəliyev.

GancaPost portalı xəbər verir ki, Vergilər Nazirliyindən modern.az-a bildirilib ki, Namiq Əliyevin vəzifədən çıxarılması barədə sərəncam yanvarın 12-də verilib.

Namiq Əliyev 2004-cü ilin fevralından Vergilər nazirinin müavini işləyirdi. Onun sabiq Vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir. Məlumata görə, keçmiş nazirin qızı eks-nazir müavininin oğlu ilə ailə qurub.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə Təhsil naziri Mikayıl Cabbarov Vergilər naziri təyin olunub.

Qeyd edək ki, Namiq Tofiq oğlu Əliyev 1960-cı ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.

1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakultəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb.
1984-1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnmişdir.
1991-2004-cü illər ərzində Respublika Prokurorluğunda Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.

Oxunub : 1415


    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!