Gəncənin Bala Bağban məhəlləsi

5 ay əvvəl     Tarix 0
Gəncənin Bala Bağban məhəlləsi

Gəncənin Bala Bağban məhəlləsi güneydən Todanlı, Böyük Bağban, quzeydən Ozan, günçıxandan Gəncə çayı, günbatandan Böyük Bağban və Həlvəhəsənli məhəllələri ilə həmsərhəddir. Məhəllədə Rəfibəylilər, Abidlilər, Qara Namazlılar, Nazaralılar, Hacılar, Müşkillər və s. nəsillər yaşayır.

Məhəllənin quzey hissəsinə ‘İtli küçə’ deyilir. Həmin küçədə gecələr işıqların yanmadığı bir vaxtlar sakinlər gecə itlərini açıb buraxardılar. Yoldan keçən yolçulara itlər narahatçılıq törədərdilər. Elə buna görə də məhəllənin bu hissəsinə ‘İtli küçə’ deyilərdi.

Məhəllə sakini Akif Rəfiyev Rəfibəylilərin ulu babalarının 500 il bundan öncə Cənubi Azərbaycanın Təbriz şəhərindən gəlmələrini söyləyir.

Məhəllənin yerli sakinləri çox güman ki, indiki əraziyə qədim Gəncədən gəliblər. Məhəllə sakinləri calaqçılıq, meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğul olublar. El arasında 'Bala Bağban' sakinlərinə zarafatla ‘Calaq oğrusu’ da deyirlər.

Vaxtilə məhəllədə calaqçı Qədir, İsmayıl kişi məşhur idilər.

Məhəllə sakinlərinin əkin yeri Qızıl Qaya və Todanlıda olub. Onların üç su dəyirmanı var idi. İki daşlı ‘Tümən’ dəyirmanı, üç daşlı ‘Söyüdlü’, iki daşlı ‘Aşırqulu’ dəyirmanları Gəncə çayının suyu ilə işləyirdi. ‘Tümən’ dəyirmanının xərabəliyi indi də durur. Məhəllədən Hacı Mir Qasım ağa və ‘Ozan’ kəhrizi keçirdi. Bu kəhrizlərin üstündəki quyular indi də durur. Hacı Mir Qasım ağa kəhrizi hazırda da işləyir. Kəhrizin üstündəki quyular ‘El yolu’ adlı indiki İsmət Qayıbov küçəsində yerləşir. Hacı Mir Qasım ağa kəhrizi 1914-cü ildə, ‘Aşır Qulu’ və ‘Ozan’ kəhrizləri XIX yüzilliyin ortalarında çəkilib.

Məhəllənin güneyində yerləşən ‘Todanlı’ məhəlləsi yeni salınmış məhəllədir. ‘Aşır Qulu’, ‘Ozan’ kəhrizləri də bu məhəllədən keçir. Deyilənə görə, buranın sakinləri Todan kəndindən gəliblər. Hazırda burada yerli əhali də az deyil. Burada ‘Ağamirzə’, ‘Cəlil bəy’ dəyirmanları da olub.

Ümumiyyətlə, Bala Bağbanın əhalisi bağlarını Gəncə çayı və dəyirman arxı suyu ilə suvarırdılar. Əkin yerləri isə Todanlı, Üç Təpə və Bala Bağbanda yerləşirdi.

Məhəllədə yaşayan Rəfibəylilərdən Mirzə Kərim bəy Rəfibəylinin təşəbbüsü ilə Bala Bağbanlı Hacı Habil, Məşədi Səfər oğlu Həsənin, Hacı Yəhya Məhəmməd oğlunun təşkilatçılığı ilə məhəllə sakinlərinin maddi vəsaiti hesabına 1883-cü ildə Bala Bağban məscidi tikildi. Məscidin axundu Gəncədə gözəl avaza malik, Abidlilər nəslindən olan Kərbəlayi Molla Möhsüm olmuşdur.

Məhəllə sakini Ələkbər bəy Rəfibəyliyə Gəncəlilər “Millət atası” deyərdilər. Mərhum 'Difai' partiyasının Gəncədə yaradıcılarından biri idi. Şəhərdə onun xeyirxahlığı haqqında el arasında indi də xoş sözlər söylənilir.

Türk ordusunun zabiti Hüsaməddin Tuğac yazır:

'Gəncənin yaşlı fəqət çox dəyərli və təcrübəli bir Ələkbəri daha vardı. Soyadı Rəfibəyli idi. Dostlarım məni bu zatın evinə apardılar. Elə ilk görüşməmizdən aramızda yaxın və səmimi bir yaxınlıq yarandı. Ən böyük diləyi ölməzdən öncə Türkləri və türk ordusunu görmək olduğunu duyğulu sözlərlə deyirdi: Bu təmiz diləyi gerçəkləşəcəkdi bir neçə ay sonra türk ordusunu Gəncədə gördü, az sonra da öldü'.

1914-cü ildə yaradılmış Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvləri siyahısında Ələkbər bəy, Bağır bəy, Məşədi Əsgər və Xudadat bəy Rəfibəylinin adları var. Onlar ayda cəmiyyətə 20 manat üzvlük haqqı verirdilər.

'Sovet tarixçiləri Azərbaycan xalqının qəhrəman oğullarının adlarının unudulması üçün əllərindən gələni edirdilər. Bu səbəbdən Azərbaycanda Ələkbər bəy kimi yüzlərlə igidin adları “adsız” şəhidlər siyahısına qarışmış və yox olmuşdur'.

Hüseyn Baykara 'İstiqlal mücadiləsi', İstanbul.

Mərhum Ələkbər bəyin oğlu Xudadat bəy Xarkov Tibb Universitetini bitirib, Gəncədə cərrah işləyirmiş. Deyilənə görə, kasıb xəstələrə öz pulu ilə dərman alarmış. Cümhuriyyət dövründə Səhiyyə naziri, sonra isə Gəncənin general qubernatoru oldu. 1920-ci ildə saxta ittihamlarla Nargin adasında güllələnmişdir.

'Bala Bağban' məhəlləsində repressiyaya uğrayanlardan biri də Müşkiyevlərdi. Nəslin nümayəndəsi Əkbər Müşkiyev bağbanlarda iri torpaq sahibi imiş. Mərhum məşhur bağban olub. Əkbər kişi Gəncədə gözəl ətirli almalar yetişdirirdi. Onun yetişdirdiyi almalar müşk ətri verirmiş. Elə ona görə də, ona Əkbər yox, Müşk Əkbər deyirlərmiş. XX-ci əsrin əvvəllərində isə soyad tətbiq olunanda bu nəslə 'Müşkiyev' deyiblər. Əkbər kişinin oğlanları Cahangir və Cabir Müşkiyevdə sürgünlük həyatı yaşayıblar.

Məhəllədə həmçinin Abidlilər nəslindən olan XX əsrin əvvəllərində Qazaxlar məscidində mollalıq etmiş Məşədi Ələsgər MəmmədBağır oğlu və mülkədar-tacir Tahir bəy Abidli də yaşayırdı. Tahir bəy Sankt-Peterburqda meyvə mağazası işlədirdi. Peterburqla Gəncə arasında meyvəçilik işinə baxırdı. Bala Bağman hamamı ilə üzbəüz olan 2 mərtəbəli mülk o zamanlar Tahir bəyin idi. Tahir bəy Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur. Tahir bəy 1918-ci ildə vəfat etmişdir. Qəbri 'Səbirkar' qəbristanlığındadır. Həmçinin bu nəslin nümayəndələrindən biri olan Əliqara bəy Abidli (Məmmədov) 1917-ci ildə Nəsib bəy Usubbəylinin yaratdığı Türk-Ədəmi Mərkəziyyət Partiyasının üzvü olmuşdur. 1920-ci il Gəncə Üsyanının fəal iştirakçısı olub. 1937-ci ildə saxta ittihamlarla Nargin adansında güllələnib.

Məhəllədə 'Qızıl qayalılar' kimi tanınan ailələr də var. Onlar 1934-cü ildə yaradılmış 'Şərq qadını' və Üç Təpədəki Kirov kolxozunda işləyən, sonra məhəllənin içərisinə köçən 'Bala Bağban' sakinləridirlər.

Namlet Allahverdiyev

tədqiqatçı

Oxunub : 235


    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!