Həsən Həsənovun 'Qara Siyahısı'

4 ay əvvəl     Yazarlar 0
Həsən Həsənovun 'Qara Siyahısı'

Çoxdanın söhbətidir. O vaxtlar Kirovabad şəhər İcraiyyə Komitəsində işləyirdim. Komitənin sədri məşhur Sovet bənnası, SSRİ Ali Sovetinin deputatı, zəhmətkeş bir insan olan İlyas Quliyev idi. Əslən Gürcüstandan olan Həsən Həsənov isə I-ci katib vəzifəsində çalışırdı. Bu həmin Həsən Həsənovdur ki, yaxın dövrlərdə Gəncədən deputat seçilmək istəyirdi.

Yaxşı yadımdadır, şəhərdə əsasən də 37-ci Seçki dairəsinin seçiciləri danışırdılar ki, kərpic Həsən (şəhərdə xalq arasında belə adlanırdı) özü ilə şəhərə 20-25 ədəd işıq transformatorları gətirib, hansı ki şəhərdə o vaxt bunlara təlabat çox idi və seçicilərə deyib ki, ona səs versələr gətirdiyi transformatorları onlara bağışlayacaq.

Ancaq iş elə gətirdi ki, kərpic Həsənin transformatorları gəncəlilərə qismət olmadı. Belə ki, seçki gününün axşamı səsvermə qutuları Gəncənin keçmiş rəisi Natiq Əfəndiyevin maskalı adamları tərəfindən oğurlandı. Ona görə də 37 saylı seçki dairəsində Həsən Həsənovun, yoxsa Tərəqqi Partiyasının sədri hörmətli Çingiz Sadıqovun hansının qalib gəldiyi məlum olmadı.

Bundan sonra isə "Ulduz" filmində olduğu kimi, necə ki, elçiliyi baş tutmayan Qədirin qoyunları geri qaytardığı kimi, kərpic Həsən də transformatorları eləcə geri qaytarıb özü ilə apardı.

Nə isə, deyəsən mətləbdən xeyli uzaqlaşdıq. Hə, deməli bu Həsən müəllim Kirovabadın I-ci katibi işlədiyi dövrdə əhali tərəfindən şəhər partiya komitəsinə şikayət olunur ki, şəhərdə qaz zəifləyib. Bundan xəbər tutan Həsən müəllim dərhal şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə zəng edir. Birliyin rəisi, İcraiyyə Komitəsinin müavini Arif Salahov yerində olmadığından baş mühəndisi telefona çağırtdırır. Birliyin baş mühəndisi Azər müəllimin yaşı 70-i keçmiş məzəli bir insan idi. Eyni zamanda onu da qeyd edim ki, o çox savadlı bir mühəndis kimi şəhərdə tanınırdı.

A.Salahovun katibəsi Rima, Azər müəllimi tez telefona çağırır ki, I-ci katibə cavab versin. Bir məsələni də qeyd edim ki, sovet dönəmində şəhərdəki məmurların əksəriyyətinin katibələri erməni millətindən olublar.

Telefonun dəstəyini qaldıran Azər müəllim kərpic Həsənin danlağına tuş gəlir, sonra da göstəriş alır ki, İmamzadə tərəfə gedib, şəhərə verilən qazın təzyiqinin artırılmasına göstəriş versin. I-ci katibə diqqətlə qulaq asandan sonra Azər müəllim cavabında bildirir ki, baş mühəndis olduğu idarə və həmçinin də o özü qaz işinə baxmır. Sonra da məsləhət görür ki, Qaz idarəsinə zəng vursun. Bunu eşidən katib bərk əsəbiləşir və Azər müəllimə ağzına gələni deməyə başlayır. Azər müəllim isə qulaq asmayıb telefonun dəstəyini qoyur yerinə.

Bundan katib lap havalanır, tez zəng vurur həmin o bənna sədrə və göstəriş verir ki, onun adını salsın o "qara siyahı"ya. Sən demə Həsən müəllimin "qara siyahı"sına düşən adamın partiya bileti əlindən alınırmış.

İlyas Quliyev heç 10-15 dəqiqə keçmir ki, Azər müəllimi çağırtdırır yanına. İlyas müəllim yekə qara bloknotu çıxarıb Azər müəllimə göstərib deyir ki, "qardaş kitabın bağlandı. Adın düşdü bu "qara siyahı"ya. Səninki də elə bura qədər imiş".

Nə isə İlyas müəllim də Azər müəllimi bir xeyli danlayandan sonra bildirir ki, bir-iki günə onun məsələsini partiya iclasında həll edib partiya biletini əlindən alacaqlar. Bunu eşidən Azər müəllim başlayır ona yalvarmağa, yıxılır onun ayaqlarından tutub qışqırmağa ki, "sən balalarının canı, məni işdən çıxart, amma gəl partbiletimi əlimdən alma, yazığam".

Azər müəllim çox yalvarır-yaxarır, bir xeyri olmur. Axırda İlyas müəllim ona deyir ki, o istəsə də ona kömək edə bilməz, çünki katib artıq onu "qara siyahı"ya salıb.

Bunu eşidən Azər müəllim yenə başlayır yalvarmağa, bundan bezən İlyas müəllim ona otaqdan çıxmağını göstərir, Azər müəllim isə yalvarmağında davam edir.

İlyas Quliyev axırda köməkçilərini çağırıb birtəhər onu kabinetindən çıxartdırır. Sonra İlyas müəllim dərhal I-ci katibə zəng vurub məsələni ona bildirir və deyir ki, Azər müəllimin partiya biletinin alınması artıq həll olunub.

Səhərisi gün İlyas Quliyev İcraiyyə Komitəsinin ilk partiya təşkilat katibi olan Tahir Kərimovu yanına dəvət edir və hadisəni, katibin tapşırığını ona çatdırır. Sonra "qara siyahı"nı ona göstərir və göstəriş verir ki, Azərin partiyadan çıxarılma məsələsini hazırlasın.

Bunu eşidən "partkomun" sifəti tutulsa da, özünü gülməkdən zorla saxlayaraq deyir, "İlyas Barxudaroviç axı Azər müəllim partiyaçı deyil".

"Partkomun" bu sözünü eşidən İlyas müəllim özündən çıxır:

-Nə danışırsan, elə ola bilməz. Axı iki saatdan artıq yalvarıb başımı xarab elədi ki, onun partbiletini almayaq.

-Xeyr, İlyas müəllim həqiqi sözümdür, o nəinki partiyaçı, heç komsomolçu da olmayıb.

-Buna bax ey, deməli bu adam səhərdən məni barmağına dolayırmış, mən də ona inanıb katibə dedim ki, onun partbiletini bir-iki günə alaram.

Bəs mən indi ona nə cavab verəcəm?

Partkom xeyli fikirləşəndən sonra, sədrə məsləhət gördü ki, katibə bu məsələni, Azərin yalvarmağını olduğu kimi danışsın.

İlyas Quliyev telefonun dəstəyini qaldırıb katibə zəng edir və Azər müəllimin onun başına açdığı oyunu danışır.

Bunu eşidən Həsən müəllimi gülmək necə tutursa 5-10 dəqiqə özünə gələ bilmir və sədrə axırda tapşırır ki, o kişi ilə işi olmasın və adını "qara siyahı"dan silsin.

İlyas müəllim dərindən nəfəs alıb, Azər müəllimin adının "qara siyahı"dan pozur.

Eldar Səfixanov (Əzizli)

P.S. Sən demə "Qara Siyahı" hələ Sovet dönəmində də dəbdə imiş. İndi Sovet dağılıb, müstəqillik qazanmışıq, ancaq deyəsən "Qara Siyahı" hələ də mövcuddur. Allah heç kimi o siyahıya salmasın.

Yazıda adları qeyd olunan bəzi şəxslər haqqın dərgahına qovuşublar. Allah onlara rəhmət etsin! Həsən müəllimə isə can-sağlığı arzulayıram.

Oxunub : 227



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!