Prezident İlham Əliyev Gəncəyə səfər edib

10 ay əvvəl     Siyasət 0
Prezident İlham Əliyev Gəncəyə səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə şəhərinə səfər edib.

GancaPost-un məlumatına görə, əvvəlcə dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib.

Dövlət başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub.

Prezident İlham Əliyevə məlumat verilib ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək. Filarmoniyada kitab satışı da həyata keçiriləcək. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.

Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Gəncə Dövlət Filarmoniyasının yeni binasının istifadəyə verilməsi Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqidir.

Filarmoniyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül kolları əkilib. Binanın qarşısında iki fəvvarə quraşdırılıb və milli ornamentlərlə bəzədilib.

Sonra Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı görüşdə nitq söyləyib.

Sonra Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Samir Cəfərov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Xalq Artisti Pərvanə Qurbanova çıxış ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına ticarət mərkəzində yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, “Gəncə Mall”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. “Gəncə Mall”da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur.

Qeyd edilib ki, burada aptek, kitab mağazası, müxtəlif restoranlar və “Cinema Plus” kinoteatrı da yerləşir. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.

“Gəncə Mall” Ticarət Mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ilk növbədə ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, bu layihənin icrası həm də Gəncə şəhərinin görkəminin müasirləşməsinə böyük dərəcədə töhfə verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 4,8 hektar olan məktəb 2140 şagird yerlikdir. Məktəbin 980 şagird yerlik birinci korpusu 1934-cü ildə, 1160 şagird yerlik ikinci korpusu isə 1974-cü ildə inşa edilib. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin may ayında başlanılıb və 2017-ci ilin noyabrında tam başa çatdırılıb. Binanın hər iki korpusu 4 mərtəbədən ibarətdir. Burada 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufet var.

Qeyd edilib ki, hazırda bu məktəbdə 1157 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur. Bu təhsil ocağı həmişə məzunları ilə fəxr edib. Diqqətə çatdırılıb ki, məktəbin məzunları arasında 4 elmlər doktoru, 36 elmlər namizədi var. Ali məktəblərə qəbulun nəticələrinə görə, son 3 ildə 160 məzun tələbə adı qazanıb.

Məktəb müasir avadanlıqlarla, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. Binaya yeni internet və telefon xətləri çəkilib. Məktəbin təbii qazla işləyən qazanxanası, transformator yarımstansiyası təmir edilib, su təminatı üçün 150 tonluq çən quraşdırılıb, yanğın əleyhinə 100 kubmetrlik anbar tikilib.

Ərazidə açıq idman meydançası yaradılıb, binanın həyətində geniş abadlıq və yaşıllıq işləri aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib.

Dövlət başçısı yataqxana kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə məlumat verib ki, hazırda universitetdə 4834 nəfər tələbə bakalavriat pilləsi üzrə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75 faizi respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş gənclərdir.

Bu təhsil ocağının 520 yerlik yeni tələbə yataqxanası 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitness zalları, kafe, kişi bərbərxanası, qadın salonu, atelye, mağaza, camaşırxana, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1929-cu ildə Bakıda yaradılıb və 1931-ci ildə Gəncəyə köçürülüb. 1979-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən “Şərəf nişanı” ordeni ilə təltif edilib. Nazirlər Kabinetinin 2009-cu il tarixli Qərarı ilə İnstitut Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılıb.

Yataqxananın su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub.

Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə “Grand Qafqaz” Ticarət Kompleksi barədə məlumat verib.

Bildirilib ki, kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə - tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.

“Bazar Store” MMC-nin “Grand Qafqaz” Ticarət Kompleksində iri və xırda buynuzlu heyvanların və quşların kəsimi, həmçinin diri balıqların satışı üçün 3 min 500 ticarət obyekti tikilib. Burada 1,3 hektar ərazidə avtopark yaradılıb. Ticarət kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək.

Prezident İlham Əliyev kompleksin meyvə-tərəvəz satışı sahəsi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının açılışında iştirak edib.

Dövlət başçısı parkın rəmzi açılışını bildirən lenti kəsib.

Parkda görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsi ucaldılıb. Abidənin postamentlə birlikdə hündürlüyü 4 metrdir.

Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.

Dövlət başçısına parkda yaradılan şəraitlə bağlı məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 2 hektar olan park şəhərin “Gülüstan” yaşayış massivindəki Əziz Əliyev prospektində yerləşir. Bu istirahət məkanının inşasına 2016-cı ilin martında başlanılıb, tikinti işləri 2017-ci ilin oktyabrında başa çatdırılıb. Parkın ərazisində yaşıllıq zolaqları salınıb, dekorativ gül kolları əkilib, geniş abadlıq-quruculuq işləri görülüb. Burada dörd fəvvarə quraşdırılıb.

Yeni istirahət məkanında sakinlərin, eləcə də uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Bundan başqa, parkda idmanla məşğul olmaq üçün imkanlar var. İstirahət guşəsində 25 ədəd müxtəlif idman qurğusu quraşdırılıb və mini futbol meydançası inşa edilib. Parkın ərazisinə dekorativ hasar da çəkilib. Bir sözlə, bu park şəhər sakinlərinin və Gəncəyə gələn qonaqların ən sevimli istirahət məkanlarından biri olacaq.

Oxunub : 3369



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!