Türkiyə Müdafiə Nazirinin müavini: Babam Gəncəlidir

10 ay əvvəl     Dünya 0
Türkiyə Müdafiə Nazirinin müavini: Babam Gəncəlidir

"Babam Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib".

"Mənim babam Qaçaq Məmmədqasım Gəncəli 1918-ci ildə Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib. Bundan şərəf və qürur duyuram. Bütün şəhidlərimizə rəhmət diləyirəm. Yaşasın, Azərbaycan-Türkiyə dostluğu".

GancaPost.com xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunmuş tədbirdə Türkiyənin Müdafiə Nazirinin müavini Şuay Alpay deyib.

GancaPost-un məlumatına görə, 1960-cı ildə Türkiyənin Elazığ şəhərində dünyaya göz açan Şuay Alpay İstanbul Universitetinin Hüquq fakültəsinin məzunudur. O, 1986-1991-ci illərdə hakim, 1991-ci ildən isə vəkil kimi fəaliyyət göstərib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AKP) rəhbər vəzifələrdə işləmiş Ş.Alpay 2011-2015-ci illərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) XXIV və XXV çağırışında AKP-dən Elazığ millət vəkili seçilib. TBMM-də o, Türkiyə-Azərbaycan Dostluq Qrupu sədrinin müşaviri və s. vəzifələrində çalışıb.
2015-ci ilin dekabr ayından etibarən isə Ş.Alpay Türkiyə Müdafiə Nazirinin müavini vəzifəsini icra etməkdədir. 
Məlumat üçün bildirək ki, Şuay Alpayın ana tərəfi Gəncə qəzasının Samux rayonundandır. Müsahibələrinin birində o, ana babası Qaçaq MəhəmmədQasım bəyin 1918-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə apardığını, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən biri olduğunu qeyd edib. 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi Məhəmməd Qasım bəyə və rəhbərlik etdiyi dəstəsinə tapşırılıb. 1920-ci il Gəncə Üsyanından sonra da Qaçaq MəhəmmədQasım silahını yerə qoymur və dağlara çəkilərək 1932-ci ilədək bolşeviklərə qarşı mübarizə aparır. Xalq arasında Qaçaq Məhəmməd Qasım bəy kimi tanınan bu şəxs sonradan Türkiyəyə mühacirət edib. Qardaşı Əsədlə Elazığ şəhərinə köçür. Ömrünü xalqının azadlığı yolunda mücadiləyə həsr edən Qaçaq Məmmədqasım 69 yaşında 1967-ci ildə Elazıqda vəfat edir. Cəsur Azərbaycan oğlu Elazıq şəhər qəbirstanlığında uyuyur.

Oxunub : 3205


    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!