'Xocalıya görə Ermənistan məsuliyyət daşıyır'

7 ay əvvəl     Siyasət 0
'Xocalıya görə Ermənistan məsuliyyət daşıyır'

'Azərbaycana qarşı törədilmiş çoxsaylı hərbi, insanlıq əleyhinə cinayətlərə və soyqırım aktlarına görə, Ermənistan məsuliyyət daşıyır'.

GancaPost.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Baş Prokurorluqla birgə Xocalı faciəsinin ildönümü ilə əlaqədar birgə bəyanatında ifadə olunub.

Birgə bəyanatda bildirilir ki, 1980-ci illərin sonlarından başlayan müharibə zamanı Xocalı şəhərinin işğalı xüsusilə faciəli olub. Sənəddə münaqişədən əvvəl Xocalıda 7min insanın yaşadığı, 1991-ci ilin oktyabrından Ermənistan tərəfindən mühasirəyə alındığı, keçmiş SSRİ-nin 366 saylı moto atıcı alayının köməyi ilə işğal olunduğu vurğulanır.

'Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon dollardan artıq ziyan vurulub', sənəddə bildirilir.

Birgə bəyanatda qeyd edilir ki, Azərbaycanın Hərbi Prokurorluğu istintaqla bir sıra hərbçi qulluqçu və digər şəxslərin Xocalı soyqırımında iştirakını tam sübuta yetirib.

'Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq nəticəsində 7000-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1693 şahid və 2548 zərərçəkmiş şəxs qismində olmaqla 4241 nəfər dindirilib, 800-dən artıq müxtəlif ekspertizalar keçirilib. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib'.

Sənədin sonunda vurğulanır ki, Azərbaycan Ermənistanın təcavüzü fonunda törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsinə gətirilməsinə əmindir.

Oxunub : 263



    Bu xəbərə hələ bir şərh yazılmayıb. İlk şərhinizi yazın!